Aprelin 12-də Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı olub.
“Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub.
Tədbirdə son günlər cəbhədə baş vermiş hadisələrdə şəhid olmuş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Azərbaycan kinosunun inkişafı ilə bağlı görülmüş işlərdən danışıb. Son dövrlərdə istehsal olunmuş Azərbaycan filmlərinin bir çox ölkələrdə nümayiş olunduğunu vurğulayan direktor bir sıra ölkələrin kino şirkətləri ilə müştərək layihələr həyata keçirildiyini söyləyib.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli və icraçı prodüserlərindən olan Timur Cəfərov ekran əsərinin çəkiliş prosesindən danışıblar. Bildirilib ki, beş ilə ərsəyə gələn film vaxtilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatını əks etdirir.
Sonra film təqdim olunub.
Yeni ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmində baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və digərləri canlandırıblar.
azertag.az