Aprelin 12-də “Kiyev Ekspo Plaza” Sərgi Mərkəzində qida sənayesi və qablaşdırma sahəsində əsas hadisənin – İFFİP 2016 forumunun rəsmi açılış mərasimi keçirilib.
Bu beynəlxalq baxış istehlak bazarının aparıcı sahələrini birləşdirir və “Prod Ekspo”, “Pak Ekspo”, “ProdTexMaş”, “Çörəkbişirmə və qənnadı sənayesi” sərgilərində əks olunan son yenilikləri və innovasiyaları təqdim edir.
“Azərçay-Ukrayna” pavilyonu İFFİP 2016 sərgisinə gələnlərdə coşqun maraq doğurub. Bu pavilyonda “Azərçay”ın gözəl qablaşdırılan məhsulu təqdim olunub. Elə buradaca çoxsaylı seyrçilər armudu stəkanlarda Azərbaycanın müxtəlif qatqılı qara və yaşıl çaylarının dadına baxa, habelə “Çay – sevimli içkim!” fotomüsabiqəsində iştirak edə biliblər.
“Azərçay-Kiyev Treyd” nümayəndəliyinin rəhbəri Rafael Musayev bildirib: “Məhsulumuz Ukrayna paytaxtının şəbəkə supermarketlərində uğurla satılır. Hazırda təkcə Kiyevdə deyil, ölkənin digər regionlarında da ticarət tərəfdaşlarımızın sayının genişləndirlməsi üzərində çalışırıq”.
Kiyevdə mini çörəkxananın və öz məhsullarının (paxlava, şəkərbura) satışı üzrə salon-mağazanın sahibəsi olan Günay Hüseynova vurğulayıb ki, kiyevlilər və Ukrayna paytaxtının qonaqları Azərbaycan şirniyyatlarını məhz bizim çayla dadmağı xoşlayırlar. Buna görə də onun salon-mağazasının piştaxtalarında paxlava və şəkərbura Azərbaycan çayı ilə yanaşı qoyulur.
Ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, ukraynalılar və xarici qonaqlar “Azərçay-Ukrayna” pavilyonuna baş çəkiblər.
azertag.az