İyunun 12-də İstanbulda Türkiyənin “Ekovitrin” jurnalının ənənəvi 
sorğusunda respondentlərin 2011-ci ilin qalibi seçdikləri şəxslərə 
mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə 
jurnalın sahibi Kamran Abaçıoğlu keçirilən sorğunun iki ay davam 
etdiyini, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm 
xadiminə 251 min 562 səs verildiyini bildirib.
Sorğunun 
nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
prezidenti, millət vəkili Mehriban Əliyeva “İlin birinci xanımı” 
nominasiyasının qalibi olub.
Birinci xanımın mükafatını İslam 
Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Kamran 
Abaçıoğludan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov 
qəbul edib.
Jurnalın sorğusunda “İlin naziri” nominasiyasında 
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, “Beynəlxalq 
diplomatiya” nominasiyasında isə İslam Əməkdaşlıq Təşkilatının baş 
katibi Ekmələddin İhsanoğlu qalib olub.
Türkiyənin nüfuzlu 
universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, “Çalık İnşaat”
 şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə 
sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər də mükafatçılar 
sırasındadır.
Tədbirdə Türkiyənin hökumət rəsmiləri, beynəlxalq 
təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın 
nüfuzlu iş adamları iştirak ediblər. 
APA