Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) Türk Mədəniyyəti Günü qeyd olunub.
Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin də iştirak etdiyi tədbirdə mədəni irsimizi əks etdirən müxtəlif əşyalar, xalça nümunələri, musiqi alətləri, milli ornamentli suvenirlər, şirniyyatlar, kitablar və geyimlərimiz nümayiş olunub. Azərbaycan Evinin üzvləri balaca Səma və Ümid milli rəqslərimizi təqdim ediblər.
Milli şirniyyatlarla bəzədilmiş Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinə dair kitabları, broşürləri, digər müxtəlif nəşrləri sərgilənib və ziyarətçilərə hədiyyə olunub.
Milli geyimdə olan azərbaycanlı tələbələr ölkəmizin stendi ilə maraqlanan müəllim və tələbələri şirniyyatlarımıza qonaq edib, onlara mədəniyyətimiz, tariximiz haqqında məlumat veriblər. Stendimiz ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə iştirak edən digər ölkələr də mətbəx nümunələrini, rəqslərini, musiqilərini təqdim ediblər.
Artıq bir neçə ildir Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) türk günləri ilə bağlı tədbirlər keçirilir.
azertag.az