Azərbaycanın opera ustaları Belarus və ukraynalı həmkarları ilə “Sevilya bərbəri”ndə
14.4.2016

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində azərbaycanlı opera ustaları Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə eyni səhnəni bölüşəcəklər. Tamaşada əsas rolları Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Səbinə Əsədova və gənc solist Tural Ağasıyev canlandıracaqlar.

Tamaşada əsas partiyalardan biri olan qraf Almavivanı Ukrayna Milli Operasının aparıcı solisti, bu ölkənin Əməkdar Artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak, Fiqaro partiyasını isə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar Artisti Vladimir Qromov ifa edəcək.

Tamaşa dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

azertag.az