Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə ölkədə turizm sənayesinin yaradılmalı olduğunu deyib. Prezident bildirib ki, şirkətlər bu işdə bizə yardım edə bilərlər.
“Bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda dünyada tanınan otellər ölkəmizdə var”, - deyə prezident bildirib.
İlham Əliyev deyib ki, əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir.
Son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin formlar, sammitlər və idman oyunları keçirilir.
"Turizm sənayesinin yaradılaması üçün sektordakı şirkətlərin işi vahid formada qurulmalıdır".
Amma ötən il Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb. Bunu Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərdən də görmək olar. Məsələn, əgər 2014-cü ildə ölkəmizə gələn turistlərin sayı 1 milyon 100 min nəfərə yaxın idisə, 2015-ci ildə bu rəqəm bir qədər aşağıdır. Nəticə etibarilə görülən tədbirlər yetərli olmadığı üçün turizm sənayesinin yaradılması və inkişafı təklif edilir.
Bəs turizm sənayesi nədir və nəyi dəyişəcək?
Turizm şirkətlərindən birinin direktoru Elxan Vəliyev bildirdi ki, turizm sənayesi nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatların məcmusu nəzərdə tutulur.
“Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Qanunauyğun olaraq turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur”, - deyə ekspert bildirdi.
Elxan Vəliyevin sözlərinə görə, turizm sənayesinin inkişaf etdirilməsi üçün koordinasiya edici qurumun yaradılması vacib məsələdir. “Çünki bəzi hallarda şirkətlərin hər biri öz prizmalarından çıxış edir. Ona görə də hər hansı bir yığıncaqda qəbul olunan qərarlar söz olaraq qalır. Belə halların yaşanmaması üçün ümumi koordinasiya şurasının fəaliyyət göstərməsi vacibdir”, - deyə şirkət əməkdaşı bildirdi.
Bəzi hallarda Azərbaycanda həyata keçirilən layihələr təhlillər, tədqiqatlar aparılmada icra edilir. Bu isə öz növbəsində nəzərdə tutulan nəticələrin alınmamasına səbəb olur. Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov bildirdi ki, turizm sənayesinin yaradılaması üçün sektordakı şirkətlərin işi vahid formada qurulmalıdır.
“Bu sənayenin qurulması üçün ekspertlər vasitəsi ilə analizlər aparılmalıdır. Təhlillər daha çox hansı növ otellərin inşa edilməsi, qiymət siyasətinin hansı formada aparılması, regionların inkişaf etdirilməsi və xüsusi ixtisaslı kadrların hazırlanması ətrafında aparılmalıdır”, - deyə Müzzəffər Ağakərimov qeyd etdi.
Turizm şirkətlərindən birinin meneceri Gülnar Eyvazova isə turizm sənayesinin yaradılmasının Azərbaycanda bu sektorda yeniliklərin baş verməsinə səbəb olacağını bildirir. O qeyd etdi ki, bu sənaye növündə iş mütəşəkil və təşkilatlanmış fəaliyyət göstərilir.
“Turizm sənayesinin yaradılması mehmanxanaların, otellərin, hostellərin, pansionatların, sanatoriyaların sayının çoxalmasına, xidmətin inkişafına xidmət edir. Məsələn, Azərbaycanda 5 ulduzlu otellər çoxdur, amma hostellər demək olar ki, fəaliyyət göstərmir. 5 ulduzlu otellərdə hər insan qala bilmir. Türkiyə və Rusiya arasında münasibətlər korlandıqdan sonra turizm sahəsində Azərbaycan olan təlabat artıb. Hazırda ölkəyə 20 -30 nəfərlik turist qruplarının səfərləri artıb. Biz onlara 5 ulduzlu otellər təklif edə bilmərik. Ona görə də turizm sənayesinin inkişaf etdirilməsi hostellərin artırılması ilə müşahidə olunmalıdır. Xüsusilə regionlara həm hostellər inşa edilməli, həm də xidmət artırılmalıdır”, - deyə Gülnar Eyvazova bildirdi.
Azərbaycanda turizm sənayesinin yaradılmasında ən böyük məsuliyyət isə Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Qurumun informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov açıqlamasında bildirdi ki, turizm sektorunun iqtisadiyyatın prioritet sahəsi kimi inkişaf etdirilməsi dövlətin qarşısında duran ən vacib məsələlərdən biridir.
“Prezident İlham Əliyev tapşırdığı kimi turizm sahəsində normativ hüquqi baza yenilənir, turizmin inkişaf strategiyası artıq hazırdır. Turizmin inkişafı üçün bütün zəruri işlər aparılır”, - dəyə nazirlik rəsmisi bildirdi.
Bu il dövlət büdcəsində bədən tərbiyəsi, gənclər siyasəti və turizm sektorunun inkişaf etdirilməsi üçün 444.9 milyon manat pul ayrılıb. Bu vəsaitin müəyyən bir hissəsi turizmin inkişafı üçün nəzərdə tutulur.
Bu rəqəm ötən illərlə (bədən tərbiyəsi, gənclər siyasəti və turizm - 47 milyon manat) müqayisədə daha çoxdur. Yəqin ki, dövlət büdcəsindən bu sahəyə ayrılan maliyyə vəsaiti artırıldıqca, görülən işin keyfiyyətidə nəzərəçarpan dəyişikliklər olacaq.
Çünki neftin qiymətinin endiyi bir vaxtda turizm sektorunun inkişaf etdirilməsi zəruru hal alır. Azərbaycanda bu sektorun inkişaf etdirilməsi üçün həm təkliflər, həm potensial, həm də lazım olan qədər maliyyə vəsaiti var. Qalır sadəcə verilən təklifləri, layihələri düzgün icra etmək.
anspress.com