ASAN xidmətlər artırılacaq
14.4.2016

ASAN xidmət mərkəzlərinin sayı da artırılacaq.

"Hazırda əsas məqsəd ASAN xidmətin fəaliyyətini genişləndirməkdir". Bunu ötən gün prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən deyib.

ASAN şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir" İlham Əliyev
Ölkə başçısının sözlərinə görə, söhbət ASAN xidmətin təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir, orada göstərilən xidmətlərin sayı da artırılacaq.

"Biz ASAN-a daha çox xidmət növlərini əlavə edəcəyik. ASAN hər yerdə olacaq. ASAN şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, ASAN genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz", - deyə İlham Əliyev qeyd edib.

Bəs daha hansı xidmətlər "ASAN" a verilə bilər?

"Sürücülük vəsiqəsindən tutmuş, yol polisinə aid olan bütün məsələlər də ASAN-ın ixtiyarına verilməlidir"
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramin Osmanlının fikrincə, ASAN-a veriləcək xidmətlər çoxdur. "Bu gün aktual olan məsələlərdən biri daşınmaz əmlakın ilkin qeydiyyatı ilə bağlı məsələlərin ASAN xidmətə verilməsidir. Daşınmaz əmlakın təkrar qeydiyyat sahəsində çox ciddi irəliləyişlər var, amma ilkin qeydiyyatda problemlər qalmaqdadır", - deyə ekspert vurğuladı.

Daşınmaz əmlak üzrə ekspert onu da əlavə etdi ki, sürücülük vəsiqəsindən tutmuş, yol polisinə aid olan bütün məsələlər də ASAN-ın ixtiyarına verilməlidir. "Həmin sahəyə aid xidmətlər ASAN-a verilərsə, bu, əhali arasında böyük rəğbətlə qarşılanacaq. Bundan başqa, standartlaşma ilə bağlı bəzi məsələlər də ASAN-a verilə bilər. Ümumiyyətlə, ASAN-a veriləcək xidmətlər çoxdur. Bu, sadəcə kompleks şəkildə araşdırılmalı və müəyyən olunmalıdır. Bu, korrupsiya, rüşvət, insanların incidilməsi və s. kimi problemlərin qarşısını alar", - deyə o bildirdi.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyevin fikrincə isə ASAN-ın xidmətlərinin sayını artırmaqdansa, bütün qurumlar özləri ASAN xidmət üslubunda işləsələr daha məqsədəuyğun olar.

"O layihə özünü doğrultdu və bir nümunə olaraq göstərdi ki, Azərbaycan vətəndaşları və məmurları bu formada işləyə bilər. O zaman niyə bunu tədricən hökumət qurumlarının özlərinə keçirməsinlər?! Artıq hökumət orqanları özləri fərdi olaraq bu formada fəaliyyət göstərsinlər", - deyə iqtisadçı ekspert bildirdi.

ASAN xidmət — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzdir. ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk ASAN xidmət mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 9 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, dördü isə Azərbaycanın bölgələrindədir.

ASAN xidmət mərkəzlərində aşağıdakı xidmətlər göstərilir. Dövlət orqanlarının göstərdiyi xidmətlər:



Ölkə başçısı və ekspertlərin dediklərindən belə nəticəyə gəlmək olar ki, bir sıra yeni xidmətlər də ASAN-a verilsə, vətəndaşların işi daha da asanlaşar. Çünki bəzi məmurlar hələ bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Amma onların fəaliyyəti ASAN-a verilsə, bu kimi hallara son qoyular.

anspress.com