BMT baş katibinin müavini Mədəniyyət və Turizm Nazirliyində olub
14.4.2016

Aprelin 14-də Mədəniyyət və Turizm Nazirliyində BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunan nazir Foruma ev sahibi edən ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb.

Nazir BMT-nin baş katibi Pan Gi Munun Azərbaycanda baş verən hadisələrlə yaxından maraqlandığını vurğulayaraq onun ölkəmizə gözlənilən səfərindən söz açıb. Qeyd edilib ki, Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir. Nazir Azərbaycanın multikultural və tolerant ənənələri özündə birləşdirən nümunəvi bir ölkə kimi dünyada tanınmasını bir daha nümayəndə heyətinin nəzərinə çatdırıb.

Cefri Feltman Bakıda ilk dəfə olduğunu bildirərək ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də iştirak etdiyi görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə olunub.

azertag.az