15 APREL
15.4.2016

1985-ci il. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva vəfat edib (1923-1985).

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadənin öyrənilməsinə həsr edib.

1935-ci il. Beynəlxalq Mədəniyyət Günü qeyd olunmağa başlayıb. Bu günün təsis olunması Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə bağlıdır.

Mədəniyyət gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

1992-ci il. Ekolojı Biliklər Günü təsis olunub. Bu günün əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekolojı təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, habelə ekoloji məsələlər barədə düşünən vətəndaşın tərbiyəsi və hazırlığıdır.

1452-ci il. Tarixin tanınmış simalarından olan Leonardo di ser Pyero da Vinçi anadan olub (1452–1519). O, Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı idi.

Leonardo da Vinçinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib, o, “İkinci minilliyin adamı” seçilib.

1865-ci il. ABŞ-ın 16-ci prezidenti (1861-1865) Avraam Linkoln sui-qəsd nəticəsində öldürülüb (1809-1865). O, ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik edib, ABŞ-da quldarlığın ləğvini təmin edib.

Avraam Linkolnun 1861-ci ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-ın tərkibindən çıxdıqlarını elan ediblər. Dörd il davam edən müharibə ABŞ-ın qələbəsi ilə nəticələnib. Bundan altı gün sonra - 1865-ci il aprelin 15-də Avraam Linkoln teatrda “Bizim amerikalı əmioğlumuz” (Our American Cousin) tamaşasına baxarkən aktyor Con Uilks But tərəfindən qətlə yetirilib. Bununla o, sui-qəsd nəticəsində öldürülən ilk ABŞ prezidenti olub.

Avraam Linkoln tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

azertag.az