Prezident İlham Əliyev İran Prezidenti ilə görüşüb
15.4.2016

Aprelin 14-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulandı. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edildi. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev qeyd etdi ki, biz müharibə istəmirik. Ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq. Dövlətimizin başçısı hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran Prezidentinə təşəkkürünü bildirdi. Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparıldı.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, bütün bunlar ölkələrimiz arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar.

trend.az