“Heydər Əliyev-lider və onun zamanı” kitabı yunan oxucularına təqdim olunacaq
18.4.2016

Aprelin 19-da Yunanıstandakı Azərbaycan səfirliyində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Heydər Əliyev-lider və onun zamanı” kitabının təqdimat mərasimi keçiriləcək.

Müəllif bildirib ki, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin də qatılacağı tədbirdə Yunanıstanın tanınmış ədəbiyyat və elm xadimləri, Azərbaycanın bu ölkədəki diplomatik korpusunun nümayəndələri iştirak edəcəklər. Məqsəd “Görkəmli adamların həyatı” silsiləsindən yunan dilində çapdan çıxmış “Heydər Əliyev – lider və onun zamanı” adlı kitabla tanışlıq və ölkəmizin sülhsevər siyasətinin xarici ölkələrdə təbliğ etdirilməsidir.

Mərasimdə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söhbət açan kitabın “imza günü” də keçiriləcək.

Bildirilib ki, aprelin 22-dək bu ölkədə davam edəcək silsilə təqdimat mərasimlərində nümayəndələrimiz şərəfli ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmasından, ümummilli liderin dövlətimizin bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından söhbət açacaq, fikirlərini bölüşəcəklər. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə də iştirakçılara ətraflı məlumatlar verəcəklər.

Kitab Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevin dəstəyi ilə nəşr olunub.

Qeyd edək ki, bundan əvvəl də müəllifin, “JİZEL” silsiləsindən dərc olunan, ulu öndər Heydər Əliyevə, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya, Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş kitablarının xarici ölkələrdə təqdimatları keçirilib.

azertag.az