Aprelin 23-də Bakının Nəsimi rayonunda yerləşən “Zorge” parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə ikinci dəfə “Oxu günü” keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan “Oxu günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kursları təşkilati dəstək verir.
Bildirilib ki, layihə uşaqlar, gənclər və sakinlər arasında mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağın yaradılması üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq. “Oxu günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək. Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək. Həmçinin layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və “imza günü” təşkil ediləcək.
Tədbirdə fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.
azertag.az