Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaxın günlərdə daha bir beynəlxalq layihə reallaşacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Bakıya səfər edərək teatrın səhnəsində B.Basanqovun “Qohumlar” əsəri əsasında – V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədiyi eyniadlı tamaşaya quruluş verəcək. Musiqi janrında hazırlanacaq tamaşanın bəstəkarı Əməkdar İncəsənət Xadimi, Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Manjiyev, rəssamı Elşən Sərxanoğludur. Əsas rollarda teatrın aparıcı aktyorları və Kalmık Milli Dram Teatrının aktyorları çıxış edəcək.
Həmçinin səhnə əsəri cari ilin noyabrında Kalmık Milli Dram Teatrının 80 illik yubileyi çərçivəsində Azərbaycan və Kalmık teatrları aktyorlarının birgə iştirakı ilə Elista şəhərinin bir neçə rayonlarında nümayiş olunacaq. Zəngin musiqi nömrələri, maraqlı rəqs elementləri ilə müşayiət olunacaq tamaşanın Bakı premyerasının bu il iyunun birinci on günlüyündə keçirilməsi nəzərdə tutulub.
azertag.az