Gənc və istedadlı rəssamın ilk fərdi sərgisi açılacaq
18.4.2016

Aprelin 23-də “Qız qalası” rəsm qalereyasında gənc və istedadlı rəssam Aydan Buniyatovanın ilk fərdi sərgisi açılacaq.
Gənc rəssam sərgisini "Bax belə” adı altında təqdim edəcək. A.Buniyatovanın təqdim edəcəyi işlərin əsas mövzusu rəssamı əhatə edən insanların portretləri olacaq. Buna baxmayaraq, o, özünü portretçi adlandırmır. İşləri müasirlərinin mürəkkəb tale və xarakterlərinin ifadəsindən daha çox onun impulsiv və coşqun temperamentini əks etdirir.

Rəssamın şəkillərinin döyünən ekspressiyasının sirri rəng, işıq və teksturanın qarışığındadır. Aydan geniş ümumiləşmiş müstəviləri asan və sərbəst yapan kiçik və inamlı cizgilərlə portret etüdünün kompozisiyasını ifadəli şəkildə həll etməklə, nəinki formanı inandırıcı şəkildə çıxarmağı bacarır, həm də müxtəlif adamların daxili aləmlərini kəskin surətdə açır.

Qeyd edək ki, sərgi aprelin 26-dək davam edəcək.

azertag.az