Aprelin 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli müsabiqənin əhəmiyyətindən danışıb.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan müsabiqəyə Bakı və respublikanın 26 bölgəsindən 289 gənc musiqiçi qatılıb. Qaliblərin çıxışı peşəkar münsiflər tərəfindən qiymətləndirilib.
Tədbirdə Xalq Artisti, professor Xuraman Qasımova bildirilib ki, elmi-ifaçılıq müsabiqəsinin məqsədi Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi, təbliği, musiqinin məzmununun başa düşülməsi, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsindən ibarətdir. Elmi-ifaçılıq müsabiqəsi həm şagirdlər, həm də onların müəllimləri üçün bir növ ustalıq məktəbidir.
Layihənin müəllifi və bədii rəhbəri akademiyanın professoru Tərlan Seyidov çıxış edərək qalibləri təbrik edib, onların dörd nominasiya - “Fortepiano”, “Orkestr alətləri”, “Azərbaycan xalq çalğı alətləri”, “Solo oxuma” üzrə diplomant və laureat adına layiq görüldüklərini, digər iştirakçılara isə sertifikatların təqdim ediləcəyini söyləyib.
Sonra mükafatlar sahiblərinə təqdim olunub və müsabiqə qalibləri geniş konsert proqramı ilə çıxış ediblər.
azertag.az