Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkəndə Təsviri İncəsənət Festivalı keçirilib.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və digər diplomatlar, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak ediblər.
Festivalda ölkənin bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri öz milli stendlərini təqdim edib.
Festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nuriddinov festivalın əhəmiyyətindən danışıb, ölkədə sənətkarlığın zəngin ənənələrə malik olduğunu bildirib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi Leyla Orucova ölkəmizin zəngin mədəniyyət və incəsənətindən danışıb, Azərbaycan xalçalarının və milli geyimlərinin dünya mədəni irsinin inciləri olduğunu qeyd edib. Mədəniyyətimizin təbliğində Heydər Əliyev Fondunun layihələrindən danışan diplomat, Azərbaycan xalça və Lahıc misgərlik sənətlərinin UUNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edildiyini bildirib.
Çıxış edən digər diplomatlar, mədəniyyət xadimləri festivalın mədəniyyət və incəsənət bayramı olduğunu və ölkədə əl işi sənətinin inkişafına təkan verəcəyini qeyd ediblər.
Daha sonra Festivalın rəsmi açılışı olub, iştirakçılar milli stendlərə baxıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Azərbaycan-Qafqazın mirvarisi“ adlı milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub və "Ən yaxşı milli stend" adına layiq görülüb.
Azərbaycan milli stendində Qarabağ, Naxçıvan, Şirvan qrupuna aid olan xalçalarımız, Qarabağ xanımlarının şənlik, ziyafət geyimləri, zadəgan xanımların geyimləri, misdən hazırlanan məişət əşyaları, milli musiqi alətlərimiz nümayiş etdirilib.
azertag.az