R.Behbudov adına Dövlət Mahnı Teatrında Əməkdar İncəsənət Xadimi, tanınmış bəstəkar Tahir Əkbərin yaradıcılıq gecəsi keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil edilən yaradıcılıq gecəsi bəstəkarın 70 illik yubileyinə həsr edilib.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova həmkarları adından yubilyarı təbrik edib, onun yaradıcılığından söz açıb.
Qeyd olunub ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də doğulub. Musiqiyə məhəbbət onda uşaqlıq çağlarından yaranıb. 1965-ci ildə musiqi məktəbinin fortepiano sinfini bitirib. Təhsilini Daşkənddə davam etdirən Tahir Əkbər orada Həmzə Həkimzadə Niyazi adına musiqi məktəbini, sonra isə Muxtar Əşrəfi adına Dövlət Konservatoriyasının bəstəkarlıq sənəti fakültəsini bitirib.
Tahir Əkbər gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Yaradıcılıq gecəsi Aynur İsgəndərlinin ifasında bəstəkarın “El oğlu” mahnısı ilə açılıb. Bu mahnı müğənninin ifasında Şanxayda VIII Beynəlxalq İncəsənət Festivalında birinci yeri tutub.
Tahir Əkbər musiqinin müxtəlif janrlarında əsərlər yaradır. Onun xor musiqisi, simfonik və kamera əsərləri məşhurdur. Tahir Əkbərin bəstələdiyi “Amin“ mahnısı müğənni Brilliant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar “Sülhə çağıran musiqi” adlı diskə salınıb və Avropada yayılıb.
Sənətkarın bəstələdiyi onlarla mahnını, o cümlədən, “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnıları görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər ifa edib.
azertag.az