Azərbaycan ilə Qırğızıstan arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib
19.4.2016

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkənin mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutovla görüşündə ölkələrimiz arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib.

Görüşdə son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlığın inkişaf etdiyi bildirilib. 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı qırğız şairi və mütəfəkkiri Yusif Balasaqunun Azərbaycanda 1000 illik yubileyinin keçirilməsi məsələsi də diqqət mərkəzində olub.

Nazir bildirib ki, aprel ayının 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda onun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edəcək. O, may ayının 15-dən 21-dək Bişkekdə keçiriləcək Beynəlxalq Balet Festivalında Azərbaycanın da təmsil olunmasından məmnunluğunu bildirib.

Diplomat səfirliklə nazirlik arasında əməkdaşlıqdan danışaraq deyib ki, bu il mart ayının 17-də Bişkek şəhərində Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi yubileyi keçirilib və bu sahədə əlaqələr davam edəcək.

A.Maksutov qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. Bildirilib ki, 2016-cı il sentyabr ayının 3-dən 10-dək İssık-Kulda ikinci Dünya Köçəri Oyunları keçiriləcək.

Səfir deyib ki, Azərbaycan bu oyunlarda böyük nümayəndə heyəti ilə iştirak edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

azertag.az