İrəvan Dövlət Azərbaycan Dram Teatrı Kocaelidə olub
19.4.2016

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Demet Çizmeli və Barış Pınar Çelebioğlunun “Cümhuriyyətin ilk sədası” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə yollanıb. Səfər çərçivəsində kollektiv Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev adına mədəniyyət evinin qonağı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, teatrın heyəti mədəniyyət evinin fəaliyyəti, burada təşkil olunmuş Soyqırımı muzeyi və kitabxana ilə tanış olublar. Mədəniyyət evinin rəhbəri Bilal Dündar qonaqlara təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Kollektiv Heydər Əliyev adına mədəniyyət evinin fəaliyyətdən məmnunluqlarını ifadə edərək Bilal Dündara minnətdarlıqlarını bildiriblər. B.Dündar müəllifi olduğu “Bir millət, iki dövlət” adlı kitabını və Azərbaycan Heydər Əliyev adına mədəniyyət evinin mətbu orqanı olan “Azərbaycanın səsi” jurnalını qonaqlara hədiyyə edib.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Kocaeli vilayətində səhnəyə qoyduğu tamaşaya Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvləri, İzmit Bələdiyyəsi, Kocaeli Mədəniyyət və Turizm Müdirliyi, Kocaeli Aydınlar Ocağı, Kocaeli Milli Quruluşlar Birliyinin nümayəndələri, tələbələr və digər qonaqlar tərəfindən baxış keçirilib.

azertag.az