Qırğızıstan Milli Elmlər Akademiyasında böyük filosof və şair Yusif Balasaqunun 1000 illiyi ilə əlaqədar Bişkekdə qırğız dilində çap edilən “Kuttuu bilim” (Kutatqu-bilik) kitabının təqdimatı olub.
Tədbirdə, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Kitabı qırğız dilinə yazıçı Toloqon Kozubekov tərcümə edib.
Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Abdıldajan Akmataliev deyib ki, “Kutatqu-bilik” əsəri türkdilli xalqlara məxsus nadir nəşrlərindən biridir. Əsər Qırğızıstan Prezidenti Almazbek Atambayevin dəstəyi ilə çap edilib.
Qeyd edilib ki, türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Kutadqu-bilik" poeması ədəbiyyat tariximizdə xüsusi yer tutur. Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti", "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. Bu əsər türk dilində əruz vəznində yazılmış ilk poemadır.
Yusif Balasaqun böyük dilçi, ensiklopedik alim Mahmud Qaşqarlının müasiri olub.
azertag.az