Moskvada Əlağa Şıxlınskinin “Mənim xatirələrim” kitabı çapdan çıxıb
20.4.2016

Moskvada, “OLMA Media Qrup” nəşriyyatında Əlağa Şıxlınskinin “Mənim xatirələrim” kitabı çapdan çıxıb.

Rusiya İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, sovet dövlətinin hərbi xadimi, artilleriya generalı Əlağa Şıxlinskinin təqdimata ehtiyacı yoxdur. Özü də təkcə Vətəni Azərbaycanda yox.

Nəşrin titul vərəqində deyilir: “Ötən əsrin əvvəllərində “artilleriyanın allahı” adlandırılan general Şıxlinskinin adı Rusiyanın sərhədlərindən çox-çox uzaqlarda şöhrət qazanmışdır. “Şıxlinski üçbucağı”, “Şıxlınski düsturu” yüksək qiymətləndirilirdi”.

1944-cü ildə nəşr olunan “Mənim xatirələrim” kitabının birinci nəşrinə Ə.Şıxlınski ilə birlikdə Port-Artur döyüşündə iştirak edən, Stalin mükafatı laureatı, hərb elmləri doktoru, professor Yevgeni Barsukovun yazdığı müqəddimə bu nəşrdə də təkrar verilib.

1985-ci ildə bu kitabın ikinci nəşri işıq üzü görüb.

Əlağa Şıxlinski 1863-cü il martın 3-də (15) Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı kəndində (indiki Aşağı Salahlı kəndi) mülkədar ailəsində anadan olub. Qədim zadəgan nəslindən olan Ə.Şıxlinskinin nəsil şəcərəsi haqqında ilk məlumat 1537-ci ilə gedib çıxır.

Ə.Şıxlınski 1876-cı ilin avqustunda Tiflisdə hərbi gimnaziyaya daxil olub, sonradan adı dəyişdirilərək Kadet korpusu adlandırılan bu hərb məktəbini 1883-cü ildə bitirib. 1883-cü il sentyabrın 1-də Peterburqda Mixaylovsk artilleriya məktəbinə daxil olub. hərbi xidmətə də elə həmin vaxt artilleriya məktəbinin yunkeri kimi başlayıb. Əlaçı tələbə olub, ən yaxşı üç tələbədən biri sayılıb. Mahir süvari və idmançı kimi diqqəti cəlb edib. 1886-cı ildə artilleriya məktəbini təhsildə qazandığı nailiyyətlərə və topdan atəşaçma yarışlarında fərqləndiyinə görə mükafatlarla bitirib və Qafqazda yerləşən artilleriya briqadasında podporuçik rütbəsində hərbi xidmətə başlayıb.

Ə.Şıxlınskiyə polkovnik rütbəsi veriləndən 4 il sonra - 1912-ci ildə ona xidmətlərinə görə general-mayor rütbəsi verilib. Əslində general-mayor rütbəsi almaq üçün azı 10 il polkovnik olmaq tələb olunurdu. Polkovnik rütbəli mahir hərbçiləri çox nadir hallarda 6-8 il sonra general rütbəsinə yüksəldirdilər. Ə.Şıxlınskinin cəmi 40 yaşı vardı. O, bu yaşda belə rütbəyə layiq görülmüş yeganə general idi.

Ə.Şıxlınski Birinci Dünya müharibəsinin lap əvvəlində - 1914-cü ilin avqustunda Petroqradın artilleriya müdafiəsinin rəisi təyin edilib.

Rus ordusunun general-leytenantı Əlağa Şıxlinski böyük nüfuz sahibi idi və hamı tərəfindən sevilirdi. O, təkcə rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairələrində son dərəcə populyar və məşhur idi. 1904-1905-ci illər rus-yapon, 1914-1918-ci illər dünya müharibələrinin, xüsusən Port-Artur epopeyasının iştirakçıları onu yaxşı tanıyırdılar.

Tanınmış hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinski XX əsrin əvvəlində irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi döyüş meydanlarında öz rəşadəti və artilleriya nəzəriyyəsində yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatlarının yaradılması zamanı milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna rol oynayıb, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin təşkilinə töhfələr verib.

Ötən il general Əlağa Şıxlinskinin anadan olmasının 150 illiyi qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamına müvafiq olaraq ölkədə həmin tarixə həsr olunmuş silsilə tədbirlər keçirilib. Azərbaycan xalqının şanlı oğlu öz avtobioqrafiyasında çox sadə dildə maraqlı hadisələrlə zəngin həyatının Kadet korpusunun tələbəsi olduğu günlərindən, ordu komandiri vəzifəsinə necə yüksəlməsindən söz açıb.

Kitab yeddi fəsildən ibarətdir: “Ailə və məktəb”, “Zabit xidmətinin ilk on üç ili”, “Uzaq Şərqdə xidmət və Çin yürüşü”, “Rus-yapon müharibəsində iştirak”, “Yapon müharibəsindən Birinci Dünya müharibəsinədək”, “Azərbaycanda xidmət”.

Nəşrin elmi redaktoru fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi Sübhi Osman oğlu Şıxlinskidir.

Kitab 1000 nüsxə tirajla nəşr edilib.

azertag.az