Bakıda portuqaliyalı rəssamların sərgisi açılacaq
20.4.2016

Aprel 23-də Müasir İncəsənət Muzeyində 3 portuqaliyalı rəssamın - André Almeida e Sousa, Paulo Brighenti və Tomás Cunha Ferreiranın “I wanna be adored” adlı sərgisi açılacaq. Sərgi Müasir İncəsənət Muzeyi ilə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin birgə səyi nəticəsində reallaşdırılıb. Bu sərgi Portuqaliya dövlətinin Azərbaycandakı ilk müstəqil mədəni təşəbbüsüdür.

Muzeydən bildirilib ki, sərginin keçirilmə tarixi və iştirakçı rəssamlar Portuqaliyanın 1974-cü il 25 aprel tarixli “Qərənfil İnqilabı” ilə əlaqəlidir. Çünki, bu inqilab, sanki 50 illik təcriddən sonra Portuqaliyanın müasirliyə və dünyaya yenidən qayıtması deməkdir.

Sərginin ideya hədəfi daha çox gənc nəsildir. Çünki, gənclik hər bir ölkənin gələcəyi və ümidləri deməkdir. Sərgiyə rəssamlar tərəfindən verilən ad məşhur ingilis rok qrupu “Stone Roses” tərəfindən 1989-cu ildə ifa edilmiş “I Wanna be Adored” mahnısının sözlərindən götürülüb.

Bildirilib ki, adları çəkilən 3 rəssam - André Almeida de Sousa, Paulo Brighenti və Tomás Cunha Ferreira üçün bu sərginin adı inqilabın canlı şahidi olmuş yaşlı nəsil ilə özlərinin yaşadığı müasir dövr arasında bir keçid anlamı yaradır.

Müasir İncəsənət Muzeyində azərbaycanlı sənətkarlara aid valehedici heykəllər və rəsm əsərləri vardır. Bu əsərlər ümumilikdə insan ruhunun müstəqilliyini, istəklərini və səylərini ifadə edən bir kompozisiya formalaşdırır. Bu sərgi salonunda, aralarında balanslı dialoq yaradan, eyni ideya və arzuları ifadə edən sənət əsərlərinin nümayiş etdirilməsi üçün ideal ab-hava mövcuddur.

Bu mədəniyyət tədbiri Portuqaliya və Azərbaycan xalqları arasında mövcud olan simpatiya və dostluq münasibətlərinin gücləndirilməsi və inkişaf etdirilməsinə xidmət göstərən maraqlı bir layihədir.

Sərgi mayın 8-dək davam edəcək.

azertag.az