Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə “Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.
Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda müsabiqəyə təqdim edə bilər. Müsabiqəyə ssenari qəbulu iyulun 31-dək davam edəcək.
Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir.
Müsabiqənin nəticələri sentyabrda açıqlanacaq. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Qran-pri, birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 3000, 2000, 1500 və 1000 manat məbləğində pul mükafatı nəzərdə tutulub.
azertag.az