Pedro Nimo: "Bakı Marafonu-2016" Azərbaycan üçün turizm baxımından önəmli olacaq"
20.4.2016

"Düşünürəm ki, "Bakı Marafonu-2016" Azərbaycan üçün turizm baxımından önəmli olacaq".

Bunu "Bakı Marafonu-2016"nın Yarış direktoru Pedro Nimo deyib: "Mən Bakının gecə görüntüsünə aşiq olmuşam. Burada gündüzlər də gözəl olur. Azərbaycanda onsuz da turistlər çox olur. Bir idmançı üçün xüsusilə dəniz boyu qaçmaq qədər gözəl bir duyğu ola bilməz".

"Bakı Marafonu-2016"nın Marketinq direktoru Pərvin Qasımova isə deyib ki, marafonda iştirak etmək üçün 3000 nəfərdən çox şəxs qeydiyyatdan keçib: "Bu marafonda biz əsasən birliyimizi göstərmək istəyirik. Tədbir kütləvi olduğundan çox böyük aktivliyin olacağı gözlənilir".

P.Qasımova qeyd edib ki, marafon Dövlət Bayrağı Meydanından start götürəcək və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Qeyd edək ki, "Bakı Marafonu-2016" bu il mayın 1-də paytaxtda keçiriləcək. Marafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, eləcə də qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.

Qeydiyyat üçün paytaxtdakı "28 Mall", "Port Baku Mall" ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə müraciət etmək olar. "Bakı Marafonu-2016"nın uzunluğu 21 km olacaq.

İştirakçı olmaq istəyənlər qeydiyyat formasını doldurmalı, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli və iştirak üçün müəyyən olunan vəsaiti ödəməlidirlər.

Bundan başqa, Bakı Marafonu 2016-nın saytında (www.bakumarathon.az) onlayn olaraq da qeydiyyatdan keçmək mümkündür.

Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidirlər.

Qeyd edək ki, tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etmirlər. Bunun üçün ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə yaxınlaşmaq, qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı, tələbə biletinin surətini də təqdim etmək lazımdır.

Qeydiyyat aprelin 25-dək davam edəcək.

Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər, oyunlar, lotereyalar və s. gözləyir.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

trend.az