Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” kitabının təqdimatı keçirilib.
Tədbiri professor Cavanşir Yusifli açaraq Vaqif Sultanlının yaradıcılığı və müzakirəyə təqdim olunan “Səhra savaşı” romanı haqqında geniş məlumat verib. O, “Səhra metaforası” adlı “Ön söz” yazdığı əsərin ənənəvi romanlardan fərqləndiyini, mürəkkəb struktura, özünəməxsus təhkiyə tərzinə malik olduğunu qeyd edib.
Təqdimat mərasimində çıxış edən digər natiqlər müəllif haqqında, onun yaradıcılığı barədə geniş məlumat verib və yeni kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, Vaqif Sultanlı Bakı Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, bir çox bədii və elmi əsərlərin müəllifidir. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans, simpozium və forumların iştirakçısı kimi Azərbaycan ədəbiyyatı və mədəniyyətini layiqincə təbliğ edir. Müxtəlif dövrlərdə Vaqif Sultanlının redaktorluğu ilə “Xudafərin” (Polşa), “Araz” (İsveç), “Dünya azərbaycanlıları” (ABŞ) dərgiləri, “Filoloji araşdırmalar” (Azərbaycan) toplusu nəşr olunub.
Vurğulanıb ki, onun tərtibatında “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijanian Prose, Bloomington, 2012) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s prose, Bloomington, 2014) antologiyaları ABŞ-da nəşr olunub. Yazıçının hekayə, povest və romanları Türkiyə, Amerika, İngiltərə, Almaniya, Danimarka, Cənubi Koreya, Rusiya, Ukrayna, Misir, İran və başqa ölkələrdə müxtəlif redaktələrdə nəşr olunub, haqqında çoxsaylı tədqiqatlar yazılıb.
Diqqətə çatdırılıb ki, Vaqif Sultanlı mühacirət ədəbiyyatı ilə bağlı araşdırmaları “Ağır yolun yolçusu”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “İstiqlal sevgisi” və başqa monoqrafiyalarda əksini tapıb.
Tədbirin sonunda Vaqif Sultanlı çıxış edərək müzakirə olunan romanın ideya-estetik yükü, problemləri, əsər üzərində işləyərkən qarşılaşdığı çətinliklər, kitabın başqa dillərə tərcüməsi barədə ətraflı məlumat verib.
azertag.az