Ağsuda multikulturalizm mövzusunda seminar-treninq keçirilib
20.4.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin, Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlər təşkil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-də Dövlət Komitəsinin təşəbbüsü, Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi" mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Ağsu RİH-in İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, idarə, müəssisə və təşkilat rəhbərləri, dini icma sədrləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ə.Seyidəliyev rayondakı dini durum, dövlət və din münasibətləri, milli-mənəvi dəyərlər barədə ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini S.Salahlı 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli" elan edilməsi, bununla bağlı ölkədə silsilə tədbirlər keçirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

Sədr müavini çıxışında, eyni zamanda dini radikalizm və onun fəsadları, həmçinin radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi məsələlərinin önəmini xüsusilə vurğulayıb.

Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Tahir Xası, Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, QMİ-nin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

trend.az