Vaşinqtonda keçiriləcək ənənəvi Smitsonian Folklor Festivalında Azərbaycan mədəniyyəti nümayiş etdiriləcəkdir. İyunun 27-dən iyulun 1-dək və iyulun 4-dən 8-dək Vaşinqtonun Milli Meydanında ABŞ-ın Milli Smitsonian İnstitutunun Folklor və Mədəni İrs Mərkəzi tərəfindən təşkil ediləcək festivalda incəsənətsevərlərə “Azərbaycan çadırı”nda milli mətbəximizin dolma, kabab, plov kimi ləziz nümunələri təqdim olunacaqdır. İyunun 28-də və iyulun 5-də isə festivalın əyləncə proqramı çərçivəsində “Azərbaycan axşamları” adlı konsert veriləcəkdir. Konsertdə tanınmış kamança ustası İmamyar Həsənov Azərbaycan muğamlarından parçalar ifa edəcəkdir. “Festival bazarı”nda Azərbaycan milli suvenirləri, o cümlədən toxuculuq və digər dekorativ incəsənət nümunələri satışa çıxarılacaqdır. Azərbaycan folklorunun festivalda təmsil edilməsi üzrə Smitsonian İnstitutunun builki tərəfdaşı ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondudur. Azərbaycan bu festivallarda birinci dəfə deyildir ki, iştirak edir. On il əvvəl folklorumuz Vaşinqtonun Milli Meydanında “İpək Yolu mədəniyyətləri” çərçivəsində nümayiş etdirilmişdi. Həmin il festivala gələnlərin sayı rekord həddə - 1,3 milyon nəfərə çatmışdı. Festival 1967-ci ildə təsis edilmişdir və Birləşmiş Ştatların ən böyük illik mədəni tədbir kimi tanınır. Smitsonian Folklor Festivalı beynəlxalq mədəni diplomatiya səyləri üçün nadir müasir platformalardan biridir. Təsadüfi deyildir ki, məhz bu ənənəvi tədbir UNESCO-nu 2003-cü ildə Toxunulmaz Mədəni İrsin Qorunması üzrə Beynəlxalq Konfrans keçirməyə ruhlandırmışdı.
AzərTAc