Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 20-dən Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Yunanıstanla idman sahəsində mövcud əlaqələr, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün adıçəkilən ölkənin Mədəniyyət və İdman Nazirliyində görüşdə olub.
Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədilə Yunanıstan tərəfinin təqdim etdiyi "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Anlaşma memorandumunun yekunu olaraq, hər iki ölkənin idman və Olimpiya müəssisə və təşkilatları arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr daha da inkişaf etdiriləcək. Eyni zamanda, müqavilə Azərbaycan idmançılarının səviyyəsinin yüksəlməsinə dəstək olması üçün dünya və Avropa çempionatlarında, beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində idman sahəsində çox zəngin təcrübəyə malik yunan idmançıları ilə ümumi təlimlərin təşkilini də özündə əks etdirir.
Səfər çərçivəsində nazir eyni zamanda ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasimində də iştirak edib. Təqdimat Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil edilib.
report.az