Aprelin 21-də Qafqaz Universitetində bu ali məktəbin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə üçüncü Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu işə başlayıb.
Universitetin foyesində uşaq ədəbiyyatı sərgisi təşkil olunub.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç tədbirdə yeddi ölkənin 40 universitetindən elm adamlarının, uşaq ədəbiyyatı şair və yazıçılarının, uşaq jurnal və qəzetlərinin redaktorlarının və qonaqların iştirak etdiklərini diqqətə çatdırıb. Bildirilib ki, 2008-ci və 2012-ci illərdə keçirilmiş “Uluslararası Türk Halkları Çocuk Edebiyyatı Konqresi”nin davamı olan bu simpozium uşaq ədəbiyyatının inkişafında böyük əhəmiyyətə malik hadisədir.
Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərini xatırladan rektor gənclərin milli mənəvi dəyərlərə sahib olmaları üçün tərbiyə sisteminə son dərəcə ciddi yanaşmağın vacibliyini vurğulayıb. Bu baxımdan Qafqaz Universitetinin bu sahəyə xüsusi önəm verdiyini və ardıcıl fəaliyyət istiqamətinə malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar milli mənəvi və bəşəri dəyərlərin qorunmasında, inkişaf etdirilməsində ədəbi tərbiyənin rolunu yüksək dəyərləndirərək qeyd edib ki, AYB təhsildə yüksək meyarlara cavab verən Qafqaz Universiteti ilə bu sahədə daim əməkdaşlıq edir.
Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev xalqlar arasında ədəbi sahədə əlaqələrin genişlənməsində, milli mənəvi dəyərlərin inkişaf etdirilməsində, eləcə də sürətlə dəyişən dünyanın tələblərinə çevik münasibət göstərilməsində, uşaqların gələcəyə hazırlanmasında III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunun rolunu yüksək dəyərləndirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da müasir dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin məzmununa xüsusi önəm verilir. Bu baxımdan, ədəbiyyat təhsilə daha yaxından kömək etməyə qadirdir və Təhsil Nazirliyi bu istiqamətdə bir çox layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi milli ədəbiyyatımızı, dünya ədəbiyyatını daha dərindən öyrənmələri üçün uşaqların mütaliəyə marağının artırılmasıdır. Ə.Quliyev uşaqların milli mənəvi, vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən bu simpoziumun uşaq ədəbiyyatının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Türkiyənin Hacəttəpə Universitetinin professoru, doktor Şükrü Haluk Akalın və başqaları uşaq ədəbiyyatının uşaqların tərbiyəsində müstəsna əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, simpoziumda uşaq ədəbiyyatının mövcud vəziyyəti və qarşıda duran vəzifələri müəyyənləşdiriləcək, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının təhsil müəssisələrində tədrisi məsələləri müzakirə ediləcək.
Üç gün davam edəcək simpoziumun bölmə iclaslarında elm adamlarının məruzələri, çıxışları dinləniləcək.
Tədbirin sonunda qonaqlar Bakının tarixi məkanları ilə tanış olacaqlar.
azertag.az