Aprelin 21-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə arxiv materialları əsasında hazırlanmış “Şekspir əsərləri musiqidə” mövzusunda slayd-şou təqdim edilib.
Sonra muzeyin direktoru Alla Bayramova çıxış edərək bildirib ki, dahi Şekspir 37 dram əsəri yazıb. Bu əsərlər arasında ən məşhurları “Romeo və Cülyetta”, “Hamlet”, “Otello”, “Kral Lir” və “Maqbet” dünya dramaturgiyasının incilərindəndir. Güclü ehtirasların, böyük hisslərin hakim kəsildiyi bu əsərləri yalnız qədim yunan faciələri ilə müqayisə etmək olar.
Vurğulanıb ki, antik teatr ənənələrindən bəhrələnən Şekspir əsərlərində, sadəcə, qəhrəman deyil, özünəməxsus xarakteri, məziyyət və qüsurları olan canlı insan yaradıb. Nəcib, daim tərəddüd içində olan Hamlet; azğın və şayiələrə inanan Otello; şöhrət düşkünü Maqbet; təkəbbürlü və xalqa nifrət edən Koriolan; ürəyi məhəbbətlə çırpınan Cülyetta, sədaqətli və xəyalpərvər Romeo... Tamaşaçı bu personajların hər birində öz xarakterinə uyğun cəhətlər tapa bilər. Bəlkə də elə buna görədir ki, Şekspirin əsərləri artıq 400 ildir dünyanın teatr səhnələrindən düşmür.
Sonda tələbələrinin ifasında müxtəlif dillərdə Şekspirin sonet, poema və dram əsərlərindən parçalar səslənib, Qara Qarayevin, Sergey Prokofyevin, Nino Rotanın və başqa bəstəkarların Şekaspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilib.
azertag.az