Praqada İslam ölkələrinin mədəniyyət və incəsənətinə həsr edilən “Müxtəlif ölkələrin ornamentləri” adlı sərgi açılıb.
Azərbaycanın Praqadakı səfirliyinin də iştirak etdiyi sərgi Çexiyanın Avropa Parlamentindəki deputatı Yan Zahradil, Praqanın 6-cı rayonunun meri Ondrey Kolaj və Çexiya Ticarət Palatasının sədri Vladimir Dlouhinin himayəsi ilə təşkil olunub.
Sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana məxsus xalçaçılıq və rəssamlıq sənətinə aid nümunələr nümayiş etdirilib və ziyarətçilərin marağına səbəb olub.
Mayın 1-dək davam edəcək sərginin açılış mərasimində müsəlman ölkələrinin Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin başçıları, o cümlədən Azərbaycan səfiri Fərid Şəfiyev, Çexiyanın dövlət qurumlarını və yerli ictimaiyyəti təmsil edən nümayəndələr iştirak ediblər.
azertag.az