Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Xeyriyyə Bazarında Azərbaycan da təmsil olunub
25.4.2016

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, BƏƏ Ümumqadın İttifaqının sədri, Ailə İnkişafı Fondunun ali prezidenti, Ana və Uşaq Məsələləri üzrə Ali Şuranın sədri, “Xalqın anası” adını qazanmış Şeyxə Fatimə bint Mübarək Əl-Ketbinin himayəsi altında aprelin 21-23-də İttifaqın ərazisində “Beynəlxalq Xeyriyyə Bazarı 2016” aksiyası keçirilib. Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat verilib.

Əsasən Asiya və ənənəvi ərəb ölkələrinin təmsil olunduğu bu xeyriyyə aksiyasında Azərbaycanın BƏƏ-dəki səfirliyi də iştirak edib. Yaradılan Azərbaycan guşəsində Qarabağ xalçaları və kəlağayılar, eləcə də mədəniyyətimizi və turizm imkanlarımızı əks etdirən suvenirlər ziyarətçilərə təqdim olunub.

Yalnız diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının iştirak etdikləri tədbirin rəsmi açılış hissəsindən sonra Azərbaycan guşəsi ilə tanış olan Şeyxə Fatimə bint Mübarək Əl-Ketbiyə Qarabağ xalçaları və kəlağayılar, o cümlədən digər eksponatlar barədə ətraflı məlumat verilib.

Növbəti günlərdə qonaqlara iştirakçı ölkələr tərəfindən milli rəqs və mahnılar, eləcə də milli kulinariya nümunələri təqdim edilib. Ermənistanın əsassız iddialarla mənimsəməyə can atdıqları, milli-mədəni irsimizin bir parçası olan “Sarı gəlin” rəqsi ziyarətçilər tərəfindən maraqla izlənilib. Rəqsin ardınca isə “Qarabağ şikəstəsi” səsləndirilib. Paralel olaraq, milli mətbəximizə aid masada Azərbaycan dolması, plovu, qutabı, paxlavası və şəkərburası təqdim edilib. Yekunda ziyarətçilər arasında lotereya oynanılıb və qaliblərə iştirakçı ölkələr tərəfindən hədiyyələr təqdim edilib.

Tədbir boyu Azərbaycan guşəsinə və təamlar masasına yaxınlaşanlar nümayiş etdirilən eksponatlar, eləcə də milli xörəklərimiz və şirniyyatlarımız barədə məlumatlandırılıblar.

azertag.az