Azərbaycan yığması Olimpiadada tam heyətlə çıxış edəcək
25.4.2016

Yunan-roma güləşində isə Azərbaycanı 4 nəfər təmsil edəcək.

“2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləş yığması tam heyətlə təmsil olunacaq”, - bunu Güləş Federasiyasının mətbuat katibi Mayıs Musayev deyib. Federasiyasının rəsmisi Olimpiya oyunlarına vəsiqə qazanmış idmançılarımızın siyahısını açıqlayıb.

"Sərbəst güləşçilərimiz tam heyətlə 6 nəfər vəsiqə qazanıb. Yunan-roma güləşində isə bizi 4 nəfər təmsil edəcək. Qadın güləşçilərimiz 3 çəkidə olacaq. Yunan-roma güləşində 66 və 98 kiloqramda lisensiyamız yoxdu. Qadın güləşində isə 63, 69 və 75 kiloda təmsilçimiz olmayacaq". M.Musayev əlavə edib ki, Rioya gedəcək idmançıların adları məlum deyil.

Yığma üçün sonuncu lisenziyaya Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən I Dünya Təsnifat Turnirində sərbəst güləşçimiz Mircəlal Həsənzadə qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan M.Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub.

anspress