Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir.
BŞTİ-dən bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya fənninə marağının daha da artırılması, onların bu sahədəki bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.
Müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Hazırda Bakının rayonları üzrə ikinci mərhələ keçirilir. Müsabiqənin əsasnaməsinə əsasən, tərkibi üç nəfərdən ibarət olan komandalar iki saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət testi, beş məsələni və bir praktiki işi yerinə yetirirlər. Qaliblər ekspert qrupu tərəfindən beş bal sistemi ilə müəyyənləşdirilir, çox bal toplayan komanda qalib hesab olunur.
Artıq Binəqədi, Nizami, Xətai, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xəzər, Pirallahı rayonlarında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin iki mərhələsi keçirilib və hər rayondan iki məktəb qalib gəlib.
Bakı şəhəri üzrə keçiriləcək final mərhələsində ümumilikdə 24 komanda iştirak edəcək və ilk üç yeri tutan komandalar qalib hesab olunacaq.
azertag.az