104 yaşlı ana 87 yaşlı xəstə qızına qulluq etməkdən zövq alır
19.6.2012

Rosario Şelzet və onun qızı Mariya Qarsiya hər axşam altı dəfə "Binqo" oynayandan sonra yatırlar. Onlar bədii və multiplikasiya filmlərinə baxmağı da sevirlər.

Qarsiya hər səhər yuxudan oyanan kimi "Ana, haradasan?" deyir, anası ona layla deməmiş yatmır.

Qocalmış valideynlərə övlad qayğısı yazılmamış qanundur. Lakin həyat bəzən hər şeyi tərsinə çevirir və ahıl valideyn övladına qulluq etməli, onun qayğısını çəkməli olur, 104 yaşlı Rosario Şelzet kimi.

O, demensiya xəstəsi olan 87 yaşlı qızı Mariya Qarsiyaya qulluq edir.
ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində yaşayan ana və bala on illərdir ki, ayrılmazdır.

Rosarionun nəvəsi, Mariyanın 60 yaşlı oğlu Albert Qarsiya deyir ki, anası ruhi xəstəsidir. Nənəm onun qulluğunda durur, nazını çəkir, bəsləyir, yedirdir-içirdir və bütün vaxtını anamla keçirir.

Demensiya xəstəsi olan qızının mərəzinin daha da ağırlaşmasına imkan verməmək üçün Rosario sürəkli olaraq Mariya ilə danışır.
104 yaşlı ananın hafizəsi iti, dərrakəsi sərrast qalsa da, 87 yaşlı qız kəmağıl olduğundan, bir sözü ona ən azı üç-dörd dəfə demək lazım gəlir.

Hər səhər açılanda Rosario qızını yedizdirir, onunla danışır. Səhər yeməyindən sonra ana və qızı vaxtlarını bir yerdə keçirirlər.

Naharda dua etmək üçün otağına çəkilən Rosario orada çox qala bilmir, çünki Mariya sürəkli olaraq onu soruşur.
Albert Qarsiya deyir ki, nənəm ölmək istəmir. Deyir ki, ölsə, anam tək qalacaq. Nənəm əsl mələkdir.

AzərTAc