Dünya şöhrətli ulduzlar öz saytlarında Bakı konsertlərindən yazırlar. Dünya şöhrətli ulduzlar, nəinki Azərbaycanı tanıyırlar, artıq öz saytlarında, Facebook səhifələrində Azərbaycana səfərləri barədə yazırlar. Rihannadan sonra Şakira da Azərbaycandan yazdı.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış etmək üçün Bakıya qonaq gələcək dünya şöhrətli ulduzlardan biri olan Şakira bu barədə öz saytında yazıb. Şakira artıq şəxsi saytında Bakıdakı konsertlərinin tarixi barədə məlumat verib. Şakiranın ilk çıxışı 13 oktyabrda Tofiq Bəhrəmov adına Respublika Stadionunda, digər konserti isə növbəti gün oktyabrın 14-də "Baku Crystal Hall"da baş tutacaq.
Qeyd edək ki, Şakira ilə yanaşı, Rihanna və Cenifer Lopesin də həmin ərəfədə Bakıda qadınlararası dünya çempionatında çıxışları gözlənilir. Rihannanın çıxışı 5 oktyabrda saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.
Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək. Cenifer Lopesin çıxışı isə mundialın açılış gününə, 22 sentyabra təsadüf edəcək.
Dünya ulduzları Bakıya səfərləri ərəfəsində “Baku Crystal Hall”un səhnəsində də çıxış edəcəklər. 23 sentyabrda Cenifer Lopesin, 6 oktyabrda Rihannanın, 14 oktyabrda isə Şakira "Eurovision 2012"nin keçirildiyi möhtəşəm səhnəyə çıxacaqlar. Xatırladaq ki, Rihanna da Bakı səhnəsində eksklüziv şou nümayiş etdirəcəyi barədə Facebook səhifəsindəki statusunda yazmışdı.
Milli.Az