Dünya tibbində unikal əməliyyat
19.6.2012

Cərrahlar qadının beynindəki şişi anesteziyasız kəsib götürdülər.
Britaniyada cərrahlar narkoz olmadan pasiyentin beynindəki bədxassəli şişin kəsilib götürülməsi ilə bağlı əməliyyatı gerçəkləşdiriblər.

İngiltərənin Sauthempton şəhərindəki "Wessex Neurological Centre" klinikasının neyrocərrahları 44 yaşlı Viktoriya Bestə narkoz vermədən əməliyyat aparıblar.

"2011-ci ilin yanvarında müayinə zamanı həkimlər dedilər ki, beynimdə bədxassəli şiş var. Onlar həyatımın təhlükə altında olduğunu, az sonra ölə biləcəyimi dedilər", - iki övlad anası Best deyib: "O qədər şoka düşmüşdüm ki, uzun müddət özümə gələ bilmədim. Lakin problemi həll etmək qərarına gəldik".

Viktoriyanın əri Endryu Bestin dediyinə görə, arvadı "ayıq cərrahiyyə"yə, yəni cərrahiyyə əməliyyatı zamanı pasiyentin ayıq qaldığı prosedura razılaşıb.

"Viktoriyanın vəziyyətindəki problem bu idi ki, onun beynindəki şişi narkozlu, yəni anesteziyalı əməliyyatda kəsib götürsək, qadın ömürlük iflic qala bilərdi. Belədə novator metoda əl atmaq qərarına gəldik", - "Southampton General Hospital"ın cərrahı Pol Qrandi deyib.

Cərrahlar ilk əvvəl xüsusi avadanlıq vasitəsiəl Viktoriyanın beyninin 3D şəklini əldə ediblər. Bundan sonra isə beyində hərəkət və nitqə "məsul" olan mərkəzi sinir sisteminin əsas hissəsinin yanındakı şiş kəsilərək götürülüb.

Əməliyyat zamanı qadının çəkə biləcəyi ağrılar sakitləşdirici preparatlar vasitəsilə minimuma endirilib. Viktoriyanın durumunu sürəkli izləyən həkimlər onun vəziyyəti pisləşən kimi yenidən dərman vurublar.

"Cərrahiyyə masasında uzanmışdım. Başımı necə qırxdıqlarını, kəllə sümüyümü kəsdiklərini eşidirdim. Qorxmurdum, çünki buna vadar olduğumu anlayırdım. Əməliyyat zamanı yanımda duran tibb bacıları fikrimi dağıtmağa çalışırdılar", - Viktoriya Best deyib.

Milli.Az