Almaniyada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir
19.9.2011

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengiz Sade Baron zu Romkerhallın təşəbbüsü ilə Almaniyanın Hannover şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Tengis Sade Baron zu Romkerhall bildirmişdir ki, Azərbaycanın böyük şəxsiyyətlərindən olan Üzeyir Hacıbəyli yaratdığı əsərləri ilə xalqımızı dünyaya tanıtmışdır. Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyli ömrünü Azərbaycan mədəniyyətinin inkişafına, xalqımızın maariflənməsinə həsr etmişdir. Böyük bəstəkar eyni zamanda yazıçı, publisist, jurnalist kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalqının savadlanması və maariflənməsi yolunda yorulmadan fəaliyyət göstərmişdir.
Azərbaycan Texniki Universitetinin fəxri doktoru Ralf Nolte demişdir ki, Üzeyir Hacıbəyli yaratdığı gözəl, dəyərli musiqi əsərləri ilə bütün dünyada məşhurlaşmış, Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına xidmət etmişdir. Üzeyir Hacıbəyli böyük Məhəmməd Füzulinin poeması əsasında "Leyli və Məcnun" operası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüş, böyük simfonik orkestrlə ifasını təmin etmiş, orkestrə özü rəhbərlik və dirijorluq etmişdir.
Tədbirin sonunda Mərkəzi Şuranın rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, xalqımızın bu problemin dinc yolla həll olunması, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və doğma torpaqlarından zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi arzusunu ifadə etmişdir.