“Britaniya Film Baharı Festivalı” çərçivəsində Bakıda 6 film nümayiş olunacaq
26.4.2016

“British Council-Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə birlikdə Bakıda “İkinci Britaniya Film Baharı Festivalı”na başlanılıb.

Bu münasibətlə aprelin 25-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib.

Mətbuat konfransda Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq, “British Council-Azərbaycan”ın direktoru Elizabet Uayt, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva festival haqqında məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Bildirilib ki, festival çərçivəsində 6 film nümayiş olunacaq. Aprelin 30-dək davam edəcək festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi əsasında, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı “Bruklin” adlı tarixi dramın premyerası ilə açılacaq.

Bildirilib ki, festival çərçivəsində ingilis kino sənayesinin ən yaxşı nümunələri təqdim ediləcək, bakılı tamaşaçılar bir həftə ərzində baş rolunu Meqqi Smitin ifa etdiyi “Furqondakı ledi”, Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş “45 il”, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun “Lobster”, həmçinin “Mister Homs”, “Mənə qulaq as, Marlon” kimi olduqca maraqlı və eyni zamanda çox fərqli filmlər izləyəcəklər.

Qeyd edilib ki, filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazı olmaqla, ingilis dilində nümayiş ediləcək.

Bu ekran əsərlərinə baxmaq istəyənlər biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilər.

azertag.az