Bakıda tanınmış rejissor İlqar Safatın Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çoxdan gözlənilən “Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası baş tutub.
Teatrdan bildirilib ki, pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.
Tamaşanın biletləri premyeradan bir neçə gün öncə satılıb qurtarıb. Tamaşaçıların marağını başa düşmək olardı, çünki ilk dəfə Rus Dram Teatrının səhnəsində Xalq Artisti Fəxrəddin Manafov çıxış edirdi. Məhz buna görə də həmin axşam tamaşaçıların böyük hissəsini qadınlar təşkil edirdi. Onların hamısı öz sevimli aktyorlarının səhnəyə çıxmasını səbirsizliklə gözləyirdilər.
Tamaşadan əvvəl jurnalistlərin suallarını cavablandıran Fəxrəddin Manafov deyib: "Rus dram teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir. Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara da uğurlar arzulayıram".
Rejissor İlqar Safat isə etiraf edib ki, onlar tamaşanı iki ay ərzində hazırlayıblar. “Kazanova məşhur personajdır, bütün dünya mədəniyyətinində adı olan əfsanəvi obrazdır. Dəfələrlə kinematoqraflar və dramaturqlar bu obraza müraciət edib. Şadam ki, mənim Xalq Artisti Fəxrəddin Manafovla işləmək imkanım yaranıb. Mənə bu imkanı yaratdığına görə Rus Dram Teatrının rəhbərliyinə minnətdaram", - deyə İ.Safat bildirib.
Söhbətə əsas qadın rollarından birinin ifaçısı, gənc aktrisa Yeganə Hüseynli də qoşulub. O etiraf edib ki, Fəxrəddin Manafovla eyni səhnəni bölüşmək onun üçün böyük şərəfdir.
Süjetə görə, yaşlandığı üçün artıq Kazanova əvvəlki sevgi intriqalarından əl çəkərək kitabxanaçı işləyir və gənc Fransa (Murad Məmmədov) sevgi dərsləri verir ki, o, burqomistrin qızı Annanı (Yeganə Hüseynli) yoldan çıxartsın. Onun atası (xalq artisti Yuri Baliyev) qızını qrafa (əməkdar artist Firdovsi Atakişiyev) ərə vermək istəyir. Annanın ürəyini ələ keçirmək istəyənlərin siyahısına Kazanova da qoşulur. Çünki o da Annaya ona aşiq olur. Xalq artisti gözəl sevgi nitqləri sayəsində Anna ilə yanaşı tamaşaçıları da hipnoz edirdi. Əlbəttə ki, Anna bütün nişanlılar arasında onu seçir, lakin təəssüf ki, Kazanovanın ürəyi buna tab gətirmir və ölüm onu caynağına alır.
Tamaşanın quruluşçu-rəhbəri Xalq Artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
azertag.az