“Ulduz”un yeni nömrəsi işıq üzü görüb
26.4.2016

“Təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Bu nömrənin ilk səhifəsi Əməkdar Jurnalist, şair-publisist Telli Pənahqızının “Yaz yazısı” adlı zərif duyğularla qələmə aldığı yazı ilə açılır.

Bu nömrənin ilk səhifələrində gənc şair Ulucay Akifin “özüylə söhbət”i verilib. Jurnalın “Tribuna” rubrikasında Vaqif Yusiflinin “Gənc şairlər, sözüm sizədir...” sərlövhəli yazısı dərc olunub. “Şeir vaxtı” rubrikasında Vasif Zöhraboğlunun, “Debüt” rubrikasında isə Cahandar Aybər və Məhəmməd Turanın yazıları dərc olunub.

Bu nömrədə Fərid Hüseynin “İsa Məsihin son ünvanı, Varavvanın sığnacağı – çarmıx” paradoks və paralelləri çap edilib. Şəhid Ülvi Bünyadzadənin bir zamanlar tərcümə etdiyi L.Averyanovun “Necə məşurlaşmaq olar” yumoristik hekayəsi ilk dəfə “Ulduz”un oxucularına təqdim olunub.

“Ovqat” rubrikasında Hicran Hüseynova Nazir Rüstəmin yubileyini “Mənim şerim ağ-qara...” yazısı ilə təbrik edib. “Tərcümə saatı” rubrikasında isə Edqar Allon Ponun “Oğurlanmış məktub” hekayəsi Ayişə Nəbinin tərcüməsində işıq üzü görüb.

“Bölgələrdən... nasirlər” rubrikasında bölgələrdə yaşayan gənclərin yeni yazıları dərc olunub.

Jurnalın redaktoru, Əməkdar Jurnalist Qulu Ağsəsdir.

azertag.az