26 APREL
26.4.2016

2010-cu il. Azərbaycan paytaxtında Dünya dini liderlərinin Bakı sammiti işə başlayıb. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

2015-ci il. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi keçirilib. Yarışlarda Avropanın 50 ölkəsindən 10 min idmançı mübarizə aparıb. Yarışlar Bakının 11, Mingəçevirin isə 1 idman qurğusunda keçirilib. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Azərbaycan idmancıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutublar.

1908-ci il. Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar Elm xadimi (1969), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948) Mir Cəlal Paşayevin doğum günü (1908-1978). İlk dəfə 1937-39-cu illərdə "Revolyusiya və kultura" jurnalında hissə-hissə nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçıya böyük oxucu auditoriyası qazandırıb. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filologiyasında diqqətəlayiq yer tutur.

1986-cı il. Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verdi. Bu sülh atomu tarixində ən böyük qəza idi. SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Aprelin 27-də Pripyat şəhərinin 47 min 500 nəfər sakini, sonrakı günlərdə isə stansiyanın ətrafındakı 10 kilometrlik zonada yaşayan insanlar təxliyyə olunub. Ümumilikdə 1986-cı ilin mayında “Çernobıl” Atom-Elektrik Stansiyasına yaxın ərazilərdən 116 minə yaxın insan köçürülüb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 1730 Azərbaycan vətəndaşı da iştirak edib. Onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıb. Qəzadan sonra radioaktiv şualanma nəticəsində təxminən 600 min insan həyatını itirib, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

2000-сi il. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı 26 apreli Ümumdünya Əqli Mülkiyyət Günü elan etmək barədə qərar gəbul edib. Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə təşkilatın bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb.

azertag.az