Rusiyalı alim Azərbaycan multikulturalizmi fənnini Ural Universitetində tədris edir
26.4.2016

Bakı Slavyan Universitetində (BSU) Ural Federal Universitetinin (UFU) kafedra müdiri, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru və həmin universitetdə BSU tərəfindən yaradılmış Azərbaycan Araşdırmaları Mərkəzinin (AAM) rəhbəri, professor Aleksandr Nesterovun iştirakı ilə “Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminar keçirilib.

BSU-dan bildiriblər ki, seminarda rusiyalı professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb. Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir.

A.Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırıb.

Qonaq rəhbərlik etdiyi AAM-nin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, mərkəzin fəaliyyət göstərdiyi müddətdə rusiyalı tələbələr Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişi və s. haqqında vacib biliklər əldə ediblər. Eyni zamanda, o bu ildən UFU-da Azərbaycan multikulturalizmi fənnini də tədris etdiyini və bu mühazirələrin tələbələr tərəfindən maraqla dinlənildiyini söyləyib.

azertag.az