Rumıniyanı “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində təmsil edən “Mandinqa” qrupunun üzvləri yenə də Bakıdadır.
Bu dəfə qrup Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə” adlı konsertdə çıxış etmək məqsədilə paytaxtımıza təşrif buyurublar.
Qrup üzvləri sabah “Musiqili alov” fəvvarə kompleksində keçiriləcək konsertdəki çıxışları ilə bağlı mətbuat konfransı keçiriblər.
Tədbirdə bildiriblər ki, konsert proqramında həmçinin Azərbaycanı “Eurovision”da müxtəlif illərdə təmsil edən ifaçılar - Eldar Qasımov, Nigar Camal, Səfurə Əlizadə və Səbinə Babayeva da qatılacaqlar.
Qrupun solisti Yelena jurnalistləri Azərbaycan dilində salamladıqdan sonra, bildirib ki, Bakıya növbəti dəfə gəlməsindən hədsiz məmnunluq hissi keçirir.
“Məni sevindirir ki, “Eurovision” zamanı gördüyüm jurnalistlərə yenidən burada rast gəldim. Bu məni hədsiz xoşbəxt etdi. Azərbaycanlıları görmək bizim üçün xoşdur”.
Yelena daha sonra bildirib ki, yeni albomunun təqdimatını da Bakıda edib, klip çəkdirəcəklər.
“Yarışma zamanı biz Bakıda olanda klipin bəzi hissələrinin çəkilişlərini həyata keçirmişdik. Amma əlverişsiz hava şəraitinə görə, işimiz yarımçıq qaldı. Üç gün Bakıda olduğumuz müddətə yarımçıq qalan “Əzizim” klipinin də Bakıda çəkilişlərini davam etdirəcəyik”.
Azərbaycan musiqisinə olan rəğbətlərindən danışarkən qonaqlardan biri hətta burdan balaban da alıb apardığını və bu musiqi alətinin səsinə heyran olduğunu bildirib. Azərbaycan milli mətbəxindən də ağızdolusu danışıb.
“Sizin xüsusilə ayran, qutab və lülə kababınıza heyran olduq”.
Xatırladaq ki, “Mandinqa” qrupu Azərbaycan Rumıniya əlaqələrinin 20 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün ölkəmizə gəlib.
Gün.Az