“Koroğlu” operasının DVD diskinin təqdimatı olub
26.4.2016

Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimi keçirilib. DVD Əməkdar Artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb.

Təqdimatda çıxış edən Ramil Qasımov bildirib ki, Opera və Balet Teatrının yaradıcı və texniki heyəti bu tamaşanı yüksək peşəkarlıqla ifa ediblər və edirlər. Azərbaycan Televiziyası bu operanı yüksək texniki avadanlıqla lentə alıb və bu gün “Azərsun Holding” şirkəti bu tamaşanı DVD şəklində böyük tirajla çap edib, dünyaya təbliğ edir. Bu hadisə əslində böyük tarixi bir mədəni uğurdur. Çünki, Azərbaycan milli dəyərlərini özündə qoruyan bu opera bizim klassik janrda zirvədə olan bir operamızdır.

“Azərsun Holding”in prezidenti Abdulbari Gözəl də Ramil Qasımovu bu uğur münasibəti ilə təbrik edib və “”Koroğlu” operasının Azərbaycan musiqi mədəniyyətinin əvəzolunmaz sənət əsəri adlandırıb. O bildirib ki, Ramil Qasımov istər Azərbaycan musiqi mədəniyyətində, istərsə ictimai fəaliyyətində töhfələr verən və uğur qazanan gənclərdəndir.

Təqdimatdan sonra Ramil Qasımov AzTV-nin Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiətilə konsert proqramı ilə çıxış edib.

Tədbirdə Ramil Qasımovun ifasında sözləri Səməd Vurğuna, musiqisi Arif Məlikova məxsus olan “Azərbaycan” mahnısı, o cümlədən yerli və dünya klassik nümunələri səsləndirilib.

azertag.az