Hər il dünyanın bir çox ölkəsində 29 aprel - Beynəlxalq Rəqs Günü kimi qeyd edilir. Aprelin 28-də Azərbaycan Milli İncəsənət Muzeyində bu gün münasibətilə konsert proqramı keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayı və “Günəş” Tədris Mərkəzinin rəqs ansamblının üzvləri gözəlliyi, bədiiliyi və zərifliyi ilə seçilən “Bayram süitası”, “İgidlər”, “Ritm”, “Yallı” kimi rəqslərimizlə yanaşı, hind və latın rəqsləri ilə çıxış edəcəklər.
Qeyd edək ki, bu əlamətdar gün 1982-ci ildə UNESCO-nun qərarı ilə müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jan Jorj Noverin xatirəsinə ehtiram olaraq təsis olunub. Bu günün təsisçilərinin fikrincə, bayramın əsas ideyası bütün rəqs cərəyanlarını incəsənət bayrağı altında birləşdirməkdir. Ən önəmlisi, rəqsin bütün siyasi, mədəni və etnik sərhədləri aşdığını, insanları dostluq və barış naminə birləşdirdiyini, onları eyni dildə - rəqsin dilində danışmağa səslədiyini vurğulamaqdır.
azertag.az