Azərbaycan tolerant ölkə olaraq hər zaman mədəni dialoqa açıqdır
27.4.2016

Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərin, Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının müsəlman dövlətləri arasında birliyin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümidvaram.

Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə qonaq olan Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət naziri Adel Zaid F.Altoraifi ilə görüşü zamanı söyləyib. O, Azərbaycanın tolerant ölkə kimi hər zaman mədəni dialoqa açıq olduğunu qonağın diqqətinə çatdırıb.

Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən qonaq ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Əbülfəs Qarayev mədəniyyətin bütün sahələri, turizmlə bağlı əlaqələrin davamlı inkişafının əhəmiyyətini qeyd edərək, Azərbaycanda keçirilən musiqi festivallarında, kitab sərgilərində Səudiyyə Ərəbistanını da yaxından iştiraka dəvət edib.

azertag.az