Azərbaycan ilə İran arasında turizm sahəsinin inkişafı məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur. Məqsəd qarşılıqlı əməkdaşlığı və birgə fəaliyyəti daha da genişləndirməkdir.
Bu təklif Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər ilə aprelin 26-da keçirdiyi görüşdə səsləndirilib.
Nazir Ə.Qarayev Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin prezidentləri xalqlarımızın dostluğuna və bərabər yaşamasına çox böyük səy göstərirlər. Bunun üçün də biz bu siyasətdən istifadə edərək həm mədəniyyət, həm də turizm sahəsində birgə çalışmalıyıq ki, bizim bu əməkdaşlığımız bütün dünyaya nümunə olsun.
Ə.Qarayev deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin məqsədi bu regionun və ölkələrin siyasətini, mədəniyyətini dünyada tanıtmaqdır: “Biz istəyirik ki, regionumuz və buradakı ölkələr bütün dünyada tanınsın və bilinsin ki, bura sülh, əmin-amanlıq, dostluq və əməkdaşlıq diyarıdır”. O, İranlı həmkarına BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakına görə təşəkkürünü bildirib.
İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər deyib ki, İran Prezidenti Həsən Ruhani hakimiyyətə gəldiyi dövrdən ötən müddətdə ölkələrimiz arasındakı əlaqələr inkişaf edib. Bu müddətdə iki ölkənin prezidentləri ən azı 6 dəfə görüşüblər. İranda Azərbaycan ilə əməkdaşlığı davam etdirmək üçün böyük iradə var.
M.Soltanifər qeyd edib ki, ildən-ilə İran ilə Azərbaycan arasında turistlərin gediş-gəlişinin sayı artır. İranda mədəni və tarixi yerləri sayı çoxdur. Biz çox istərdik ki, ən yaxşı xidmətimizi məhz azərbaycanlı turistlərə göstərək. İran xalqı da Azərbaycana gəlməkdə maraqlıdır. Ötən Novruz bayramında İrandan Azərbaycana 50 min turist səfər edib.
“İran və Azərbaycanın gəliri neftlə bağlıdır və hazırda neftin qiyməti ucuzlaşır. Məqsədimiz neftin ən böyük alternativi olan turizm sahəsini inkişaf etdirməkdir”, - deyə İranın vitse-prezidenti qeyd edib.
Görüşdə iki ölkə arasındakı mövcud əlaqələr, əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
azertag.az