Azərbaycanın opera solistləri Gürcüstan və Belarusdan gəlmiş aktyorlarla eyni səhnəni bölüşəcək
28.4.2016

Mayın 7-də Azərbaycan Opera və Balet Teatrında italyan bəstəkarı C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.
Bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.
Tamaşada ilk dəfə olaraq, Aida partiyasını əməkdar artist, Prezident mükafatçısı İlahə Əfəndiyeva ifa edəcək.
Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcək.
Azərbaycan Opera və Balet Teatrının tamaşalarında dəfələrlə çıxış edən, bakılı operasevərlərin ifasını həvəslə dinlədikləri Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili bu dəfə tamaşada Radames partiyasını, onun həmyerlisi – Gürcüstanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sulxan Qvelesiani isə Amonasro rolunu ifa edəcək.
Tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, Dirijorların Beynəlxalq Müsabiqələr laureatı Vyaçeslav Voliç idarə edəcək.

report.az