Azərbaycan müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana çevrilib
28.4.2016

Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu mədəniyyət sahəsinin müxtəlif aspektlərini daha dərindən dərk etməkdə iştirakçılara kömək oldu.

Bu sözləri forumda iştirak edən Hindistan təmsilçisi Menakşi Ray söyləyib.

Forum haqqında təəssüratlarını bölüşən M.Ray deyib: “Bakıya gəldiyim ilk andan buradakı yüksək multikulturalizm mühiti məni cəlb etdi və özümü beynəlxalq bir məkanda hiss etdim. Qloballaşan dünyanın ən önəmli məsələlərini müzakirə etmək üçün Bakı Konqres Mərkəzinə 1000-dən çox insanın toplaşdığını gördükdə isə bu hisslərim reallığa çevrildi. Məndə ən çox təəssürat yaradan isə tədbirin çıxışçıları arasında çox önəmli şəxslərin olması idi”.

Menakşi Rayın sözlərinə görə, jurnalistlər, vətəndaş cəmiyyətinin və müxtəlif dinlərin nümayəndələri, ümumilikdə hər kəs növbəti onilliklərdə mədəniyyət sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsinə töhfə vermək üçün Bakıya toplaşıb.

Hindistan təmsilçisi əlavə edib ki, son illər Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya bir sıra töhfələr verməkdədir. “Bu ölkə Şərq və Qərb, Cənub və Şimal arasında körpü rolunu oynayır. Ölkəniz xristian və müsəlman dünyasının kəsişməsində yerləşir, həm Avropa, həm də İslam dünyası təşkilatlarının üzvüdür. Azərbaycan müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana çevrilib”,- deyə qonaq vurğulayıb.

azertag.az